MİKAYIL CABBAROV BU MƏKTƏBDƏ OXUYARDIMI?
Tarix: 1-11-2013, 09:44 |
Çap et
İmişli rayonunun Qızılkənd kəndi qədim yaşayış məskənlərindəndir. Kəndin ətrafından orta əsrlərə aid xeyli maddi-mədəniyyət nümunələri tapılıb. İndiki Qızılkənd sovet dövründə salınıb və həmin vaxt “Semyonovka” adlanıb. Əhlaisi 3 min nəfərə yaxındır. Əsasən əsrin əvvəllərində İrandan köçən azəri türklərindən, digər yerlərdən köçən tayfalardan (məsələn, korabaz, dəmirçi və s.) qismən də Lənkəran, Astara bölgəsindən gələn talışlardan ibarətdir.
Kənd rayon mərkəzindən 25 km uzaqda, İmişli-Biləsuvar avtomobil yolu üstündə yerləşir. Son illər yol bərbad vəziyyətdə olduğundan, bura gediş-gəliş də çətinləşib. Xüsusilə yağıntılı günlərdə hərəkət məhdudlaşır.
Kənd məktəbinin binası da köhnəlib. Döşəməsi çürüyüb, rütubətdən divarların suvağı ovulub gedir, qapı-pəncərələr sınıq-salxaq... Bu məktəbdə 600 nəfər şagird təhsil alır. Təqdim olunan şəkilləri də infom.az-ın poçtuna məktəbin şagirdlərindən biri göndərib. Məktəbli oxucumuz haqlı olaraq gileylənir ki, “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” iddiası irəli sürən ölkənin, adı “qızıl” olan kəndin məktəbi belə miskin görkəmdə olmamalıdır...