Amerika Birləşmiş Ştatları iki rəqibi – Rusiya və Çini durdurmaq üçün müttəfiqlərinin sayını artırmağa çalışır. Vaşinqton Ukrayna müharibəsinə görə Moskva ilə dialoqu dayandırıb. Vaşinqton Pekinlə münasibətlərində hələ ki, dialoqa üstünlük verir, ancaq bu dialoq müsbət nəticə vermir. Misal üçün uzun müddətdən sonra ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfər etdi. Çin lideri Tsi Cinpin Blinkenlə görüşdə iki ölkə arasında dialoqun genişlənməsi və münasibətlərin normallaşdırılması vacibliyini səsləndirdi. Blinken bununla razılaşdı. Ancaq Blinken geri döndükdən sonra ABŞ prezidenti Co Bayden Tsi Cinpini diktator adlandırdı. Bununla Blinkenin Çinə səfəri və Pekində keçirdiyi görüşlər heçə endi.
Vaşinqton son illərdə Hindistanla ittifaqı gücləndirib. Hindistanın baş naziri Narendra Modi iyunun 21-də Amerika Birləşmiş Ştatlarına 3 günlük səfərinə Nyu-Yorkdan başladı. Modi Nyu-Yorkda sayca 9-cu Beynəlxalq yoqa günündə iştirak etdi. Yoqa Amerikada populyar idman növüdür. Nyu-Yorkda tədbirə rekord sayda – 2 min iştirakçı qatıldı, içərilərində şəhərin meri və BMT baş katibinin müavinləri də var idi. Açıq havada 135 millətin nümayəndəsinin iştirak etdiyi tədbir “Ginnesin rekordlar kitabına” düşdü. Bundan əvvəlki rekord 2022-ic ildə Qətərdə qeydə alınmışdı. Amerika Birləşmiş Ştatlarında 3.4 milyon hindli yaşayır, bu böyük diaspordur. Narendra Modi Nyu-Yorkda “Tesla” şirkətinin təsisçisi və tanınmış biznesmen İlon Maskla görüşdü. Maskın Çinin Şanxay şəhərində zavodu olmasına rəğmən, o Hindistan bazarıyla da maraqlanır. “Times of India” qəzetində yayımlanan məqaləyə görə, İlon Mask Hindistanda elektormobillər istehsal edəcək zavod tikəcək. Maskın özü “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bu il ərzində zavodun tikintisinə başlaya biləcəyini deyib. Mask bundan başqa Hindistana “Starlink” peyk şəbəkəsini yerləşdirmək istəyir. Bu Hindistanda internet xidmətlərinin sürətlənməsinə imkan yaradacaq.
Narendra Modi Nyu-Yorkdan sonra paytaxt Vaşintona keçdi. “Reuters” agentliyinin məlumatına görə Vaşinqton bir müddətdir Narendra Modinin Amerikaya səfərinə hazırlaşırdı. Narendra Modi həm Ağ Evin sahibi Co Bayden, həm də vitse-prezident Kamilla Harislə görüşdü. Hindistanın baş naziri Konqresdə çıxış etdi. Ağ Ev və Dövlət Departamenti Narendra Modinin Amerikaya səfərinin uğurlu alınması üçün bütün imkanlarını səfərbər etdi.
Vaşinqton Çinlə mübarəzədə Hindistanı yanında görmək istəyir. Modinin səfərindən əvvəl ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Dehlidə görüşlər keçirmişdi. Dehlidə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi mövzuları müzakirə olunmuşdu. Bu sıraya yüksək texnologiyalardan tutmuş, süni intellekt və hərbi sahə üçün vacib olan yarımkeçiricilərin birgə istehsalına qədər mövzular aid idi. Amerika Birləşmiş Ştatları Hindistana pilotsuz uçuş aparatları üçün “General Electric” şirkətinin mühərriklər satmağı planlaşdırır. Müqavilə 3 milyard dollar dəyərindədir. Bununla Vaşinqton Rusiyanın Hindistanın hərbi bazarına rolunu azaltmağa çalışır. Hindistan Rusiyadan silah və hərbi texnika alışını azaldıb. Hindistan ABŞ istehsalı olan dronlara maraq göstərir. Dehli Rusiya-Ukrayna müharibəsinin gedişatını diqqətlə izləyir. Bu müharibə Rusiya hərbi texnikasının keyfiyyətinin aşağı səviyyədə olduğunu göstərib. Bu Dehlinin diqqətindən yayınmayıb.
Beləliklə, Dehli Vaşinqtonla sıx əməkdaşlığı genişləndirməyə hazırdır. Narendra Modi Vaşinqtondakı çıxışlarında ölkəsinin Amerika ilə hər sahədə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Bu bütün sahələri əhatə edəcək. Narendra Modinin Amerikaya səfərinin yekunu olaraq hərbi-sənaye sahəsində əməkdaşlığın “yol xəritəsi” razılaşdırılıb. ABŞ hərbi gəmiləri Hindistan limanlarına lövbər salıb və bu limanlarda təmir oluna biləcək. Buna baxmayaraq, Dehli Vaşinqtonun istəyi ilə Rusiya və Çinlə münasibətlərdən tap qopmayacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
DİA.AZ