ABŞ Dövlət Departamenti Türkiyəyə “F-16” qırıcıları tədarükünə mane olmamağa inandırmaq üçün senator Robert Menendezlə danışıqlar aparır.
DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə “Punchbowl News” məlumat yayıb.
Qeyd olunub ki, Bayden administrasiyasındakı yüksək çinli məmurlar əmin olmaq istəyirlər ki, Menendes, Türkiyəyə “F-16” qırıcılarının satışı ilə bağlı müqavilə bağlamaq istəsələr, mane olmayacaq.
Belə ki, qırıcı satışı rəsmi Ankaranın İsveçin NATO-ya daxil olmaqla bağlı mövqeyini yumşalda bilər. Menendezin səsi Amerika silahlarının digər ölkələrə tədarükü üçün məcburidir və onun da bu məsələdə veto hüququ var.
Xatırladaq ki, Nyu-Cersi ştatından olan senator Robert Menendez ermənipərəst çıxışları ilə və korrupsiya qalmaqalı ilə tanınır.
ABŞ-ın Manhetten Federal Prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) Nyu-Cersi ştatından olan senator Robert Menendez və onun erməni əsilli arvadı Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə almaları barədə məsələni araşdırır.
Menendezlə bağlı bu istintaq ət şirkətinin ofislərində və onun sahibinin evində aparılan axtarışla bağlıdır. Menendez erməni əsilli Nadine Arslanyan ilə 2020-ci ilin oktyabrında evlənib. Onun 2021-ci ilin may ayında federal orqanların tələbinə uyğun olaraq təqdim etdiyi maliyyə hesabatına görə, onlar Nyu-Cersidəki nüfuzlu şəxslərdən toy hədiyyələri alıblar.
2022-ci ilin martında Menendez bu hesabata düzəliş edərək arvadına məxsus, dəyəri 100 min dollardan 250 min dollara qədər olan qızıl külçələri də daxil edib. Lakin senatorun maliyyə hesabatlarında nə “Mercedes-Benz” markalı avtomobilin, nə də mənzilin adı qeyd olunmayıb.
Onun sözçüsü Cennifer Morril bu barədə heç bir fakt olmadığını bildirərək iddiaları yersiz adlandırsa da, lüks avtomobil və Vaşinqtondakı mənzillə bağlı istintaq məsələsinə, həmçinin senatorun arvadına məxsus qızıl külçələrlə bağlı sualları da cavablandırmayıb.