Rəsmi Kiyevin müharibədən əli soyuya bilər... - GEDİŞAT...
Tarix: 5-07-2023, 09:44 |
Çap et
Ukraynadan gələn məlumatlardan belə bir nəticə ortaya çıxır ki, döyüş mövqelərində heç bir dəyişikliklər yoxdur. Tərəflər bir-biri ilə mövqe atışmaları aparırlar.
Açığı, NATO-nun Vilnus sammiti yaxınlaşdığı bir zamanda bu məlumatlar Ukrayna üçün xoş xəbər sayıla bilməz. Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda etdiyi çıxışlarından birində sammitə qədər cəbhə xəttində irəliləyişlər etməyə məcbur olduqlarını bildirmişdi. Onun bu əndişəsi səbəbsiz deyil. Cəbhə xəttində yaranmış tıxanıqlıq Ukraynanın təchizatçılarını tərəddüdə sala və problemin danışıqlar yolu ilə həlli məsələsi barədə müzakirələrə yol aça bilər. Bu da nəticə etibarı ilə Ukraynanın əvvəlki kimi təchizatının davam etdirilməsində marağın azalması anlamına gəlir.
Ukraynanın hərbi irəliləyişinin tıxandığı bir ortamda danışıqlar masasına oturması Rusiyanı güzəştlərə getməsi ehtimalımı azaldır, onu atəşkəs müzakirələrində daha üstün mövqeyə gətirir. Belə bir perspektiv Zelenski hökumətini tamamən nüfuzdan sala və ictimai qınaqla üz-üzə qoya bilər. Çünki Rusiyanın ötən il başlatdığı "xüsusi hərbi əməliyyatda daha çox əraziləri ələ keçirməsi və Ukraynanın bir çox şəhərlərini yerlə yeksan etməsi danılmaz faktdır. "Əgər müharibə daha ağır itkilərlə başa çatacaqdısa, onu davam etdirməyə dəyərdimi" sualı rəsmi Kiyevin cavablandırması ən müşkül məsələlərdəndir.
Heydər OĞUZ - DİA.AZ