Moskvaya verilən “Dur!” işarəsi... - NƏ BAŞ VERİR?
Türkmənistan Rusiyanı öz qaz kəmərinə qoşmaqdan imtina edib. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Qeyd edək ki, iki gün öncə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskinin bəyanatı yayılıb. Cənab Biriçevski bu bəyanatda Rusiya, Qazaxıstan və Özbəkistan “üçtərəfli qaz alyansı” barədə danışaraq, bu alyansın digər ölkələrin hesabına genişləndiriləcəyini istisna etməyib. Diplomat iddia edib ki, artıq digər ölkələr bu alyansa maraq göstərirlər: “Rusiya bütün tərəflərin mövqelərini nəzərə alan, hamıya sərf edən konstruktiv əməkdaşlığın əleyhinə deyil”.
Türkmənistan XİN isə bu bəyanata kəskin reaksiya verərək, Rusiyanı Çinə qaz ötürülən boru kəmərinə qoşmaq niyyətində olmadığını bildirib. Rəsmi Aşqabad, Rusiya XİN-nin Qazaxıstan və Özbəkistanı dəvət etdiyi qaz alyansının genişləndirilməsi məsələsinin birbaşa olaraq Türkmənistanın maraqlarına toxunduğunu vurğulayıb.
“Bu gün boru kəməri ilə Çinə ən böyük qaz ixracatçısı Türkmənistandır: ümumi razılaşdırılmış 55 milyard kubmetr qazdan 40 milyardı müqavilələri uyğun olaraq Türkmənistan tərəfindən ötürülür. Qalan həcm Qazaxıstan və Özbəkistanın hesabına ödənilir. Çinə göndərilən qazın bölüşdürülməsi sxeminin və qaz kəmərinin digər ölkələrin mənbələri hesabına doldurulması nəzərdə tutulmayıb. Eləcə də “Türkmənistan – Çin” qaz kəməri layihəsinin iştirakçılarının digər ölkələrin hesabına artırılması planları yoxdur”.
İlk baxışdan elə görünə bilər ki, Türkmənistan heç bir səbəb olmadan, rəqabətin qarşısını alaraq başqalarının işinə qarışır. Amma məsələnin daha incə cəhətləri var. Öncə ondan başlayaq ki, Biriçevskinin genişləndirilməsini təklif etdiyi “qaz alyansı” ümumiyyətlə yoxdur. Rusiya 2022-ci ilin noyabrında Qazaxıstan və Özbəkistana Rusiya qazının bu ölkələrin ərazisindən keçərək Çinə ötürülməsi üçün alyans yaratmağı təklif edib. Hələlik ancaq Özbəkistanla ilkin anlaşmaya nail olmaq mümkün olub. Digər detallar danışıqlar mərhələsindədir. Daşkəndlə əldə edilən sənəd isə Rusiya qazının “Mərkəzi Asiya-Mərkəz” xətti ilə ötürülməsini nəzərdə tutur. Bu xətt isə öz növbəsində… “Türkmənistan – Çin” xəttinə qoşulmalıdır.
Yəni, bütün dünyada qaz bazarını (eləcə də valyuta gətirən digər bazarları) sürətlə itirən və heç bir zaman olmadığı qədər əlavə gəlirə ehtiyacı yaranan Rusiya faktiki olaraq qazını Çin bazarına çıxarmaq üçün digər oyunçuları sıxışdırmaq niyyətinə düşüb. Bura həm Özbəkistan və Qazaxıstan, həm də böyük ölçüdə Türkmənistan payı daxildir. Buna görə də, rəsmi Aşqabad sərt mövqe göstərərək Rusiya qazının heç bir halda Çinə gedən xəttə qoşulmayacağını bildirib və bu zaman bu xəttin ancaq Türkmənistan və Çin tərəfindən maliyyələşdirilərəjk tikildiyini xüsusi olaraq vurğulayıb: “Hazıra bu kəmərin üç qolu fəaliyyət göstərir və onlarla ölkənin şərqi və cənub-şərqindəki qaz yataqlarından qaz nəqli həyata keçirilir. Hər üç xətt dövlət şirkəti olan “Türkmənqaz” və Çinin CNPC şirkəti tərəfindən birgə layihələndirilib və həyata keçirilb”.
“Qeyd etmək lazımdır ki, Türkmənistan Çin, Qazaxıstan və Özbəkistan tərəfdaşları qarşısında götürdüyü öhdəliklərə dönmədən əməl edir və haqlı olaraq bunun qarşılığını gözləyir”, – deyə bəyanatda daha sonra vurğulanır.
Beləliklə, Aşqabad birmənalı olaraq Rusiyaya yox cavabı verərək, onu heç bir halda öz layihəsinə qoşmayacağını və bazarı ona güzəştə getməyəcəyini bildirir. Eyni zamanda, layihədə iştirak edən digər dövlətlərə də mesaj göndərərək, oyun qaydalarını pozmamağa çağırır. Məsələn, Türkmənistan istənilən an oyun qaydalarını pozan hansısa ixracatçı ölkəni əvəz edə bilər və bundan ancaq qazanacaq. Elə Çin də Türkmənistanla bağlanan müqavilələri pozsa, Aşqabadın sanksiyası ilə (məsələn, qısa müddətə də olsa qaz nəqlində problem yaradılması Pekinə sərf etməz) qarşılaşa bilər.
Ən maraqlı məqam isə vaxtilə Moskvanın şərtlərini diktə etdiyi daha bir keçmiş sovet respublikasının sərt üz bozartmasıdır. Qərbin Rusiyanı (eləcə də Rusiya enerji daşıyıcılarını) Orta Asiyadan sıxışdırıb çıxarmaq siyasəti sürtələ davam edir. Artıq dünənə kimi hətta “neytral” Türkmənistanda belə, ciddi fiqur və “böyük qardaş” sayılan Moskvanın nə sözünə, nə də üzünə baxan yoxdur.
Rusiya isə itirə-itirə gedir. Həm siyasi, həm də iqtisadi mənada.
Bu arada 1 ABŞ dollarına görə 101 Rusiya rublu verilir…
Press Klub