DİA.AZ: - "AY Partiya Başqanı Anar Əsədlinin həbsi ilə bağlı partiyamızın ortaya mövqe qoymasına ehtiyac var. Artıq 2 gündür cəmiyyətdə gedən məlumatları düzgün anlamaq üçün, bu, zəruri addımdır". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyasının yaydığı bəyanatda deyilir.
Bəyanatda daha sonra qeyd olunur:
"Partiya rəhbərliyi istər cinayət işinin aparılması, eləcə də ictimaiyyətlə qurulacaq ünsiyyətdə tamamilə hüquqa uyğun davranmaq fikrində israrlı və ardıcıldır. Bunun üçün axşam saatlarında məlum olan həbs qərarı sonrasında bayram günləri olmasına baxmayaraq, hüquqi müdafiə işinin təşkili üçün zəruri addımlar atılaraq, vəkil ilə müqavilə imzalanıb.
AY Partiya rəhbərliyində olan şəxslər, əslində, hadisə haqqında kifayət qədər məlumata sahibdir, ancaq sağlam hüquqi mövqe nümayiş etdirmək üçün həbs qərarının mətni ilə tanış olmaq lazımdır. Bayram günləri olması səbəbilə bu imkanı hələ əldə edə bilməmişik.
AY Partiya Anar Əsədlinin həbsinin xalis siyasi akt olduğundan əmindir. Qərar mətni əldə edilib hüquqşünaslarla müzakirə olunduqdan sonra bunu daha əmin söyləyə biləcəyik.
Azərbaycan KİV-də Anar Əsədli tərəfinin fikri soruşulmadan kampaniya xarakterli xəbərlərin getdiyi tərəfimizdən izlənilir. Biz KİV nümayəndələrini dürüst jurnalistikanın prinsiplərinə sadiq qalmağa çağırırıq. AY Partiya daxilində hüquqi müzakirə sonrası mətbuat nümayəndələrinə geniş məlumat veriləcək, müntəzəm məlumat axışı təmin ediləcək.
Partiyamızın rəsmi mövqeyini öyrənmək üçün Azərbaycan Yüksəliş Partiyasının rəsmi sosial şəbəkə səhifələrini izləməyə çağırırıq".