Ötən il minlərlə şəhid verdik. Minlərlə ana gözüyaşlı qaldı. Aradan heç bir il keçməmiş şəhidlərin adından istifadə edən dələduzlar meydana çıxmağa başladı. Sosial şəbəkələrdə şəhid adına səhifə açıb pul yığan da oldu, şəhid anasına oğlun sağdı deyib pul alan da, şəhidin kartını oğurlayıb şəhid haqqını yeyən də, şəhidlərin evindən oğurluq edənlər də, dövlətin şəhidlərə verdiyi qan pulunu bölə bilməyənlər də.... Bu olduqca həssas bir mövzudur, hamının qanayan yarasıdır şəhidlərimiz. Onların adınadan istifadə etmək və onların haqqını yemək vicdan məsələsi olmaqla yanaşı, həm Allah qarşısında günahdır, cinayətdir.
Bir neçə gün öncə isə, özünü Şəhid Daşqın Şəfiyevin “sevgilisi” deyə təqdim edən bir qız çıxdı ortaya. İTV şəhidlər haqqında bir film yayımlayıb. Filmdə Nigar adlı bir qıza da yer verilib. Bu xanım gülümsünə-gülümsünə, şəhid Daşqın Şəfiyev haqqında danışır. Daşqının “səni özüm alacağam” dediyi qızın özü olduğunu iddia edirdi. Nə böyük günah, nə böyük haqqsızlıq. Qanı hələ qurumamış şəhidin adından özünü reklam etmək, izləyici yığmaq, pul qazanmaq. Şəhid Daşqının “səni özüm alacağam” dediyi qız gürcü qızı Nana olduğu halda, Nigar adlı birinin çıxıb ortaya buna iddia etməsi... Düzü, haqq qazandırılası bir hal deyil.
Şəhidin qardaşı Orxan Şəfiyev bu barədə video hazırlayaraq sosial şəbəkələrdə paylaşıb. Şəhidin qardaşı həmin qızın Nigar deyil, gürcü qızı Nana olduğunu bildirir. Orxan Şəfiyev deyir ki, Nigar adlı xanım, şəhidin adından istifadə edir, izləyici yığıb pul qazanır. Orxan Şəfiyev paylaşdığı videoda hüquq-mühafizə orqanlarına da müraciət edərək bu qız haqqında tədbir görülməsini tələb edib. O, Nananın Daşqın şəhid olan gündən ailə ilə ünsiyyətdə olduğunu, dəstək olduğunu da dilə gətirib.
“Bu qadın qardaşımın adından istifadə edir. Çox xahiş edirəm, hüquq-mühafizə orqanlarında bu xanım haqqında ölçü götürülsün. Ayıb olsun. Bilmirik dərdimizi çəkək, yoxsa...” - deyə Orxan Şəfiyev bildirib.
Həqiqətən vəziyyət acınacaqlıdır. Şəhidin sevgilisi olduğunu iddia edib reklam olunmaq... Və həqiqətən çox maraqlıdır, İTV niyə araşdırmadan çəkdiyi filmdə bu xanıma yer verib? Bu, şəhidin ruhuna hörmətsizlik deyilsə, nədir?