![Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur?](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1738931308_0001.jpg)
Hazırda ölkədə xarici dildə olan məktəblərin sırasında rusdilli məktəblərin sayı daha çoxdur.
Hətta bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Rusiya Universitetinin yaradılmasının planlaşdırıldığını açıqlamışdı. Bu gün ölkədə 300-ə qədər məktəbin Azərbaycan və rus dili bölməsində tədris aparılır, 17 məktəbdə isə ancaq rus bölməsi var. Həmin rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşir. Ölkəmizdə fəaliyyət göstərən digər dildə olan məktəblər isə əsasən ödənişlidir.
Məlumata görə, hazırda ümumilikdə orta məktəblərin 7,6 %-də təhsil rus dilindədir. Ümumilikdə təhsil alan uşaqların 6,3 %-i rus dilində oxuyur.
Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32 %-i deməkdir.
Bunlarla yanaşı, ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı belədir:
Azərbaycan bölməsi üzrə respublikada 1 428 608 nəfər şagird, rus bölməsində 131 412 nəfər, gürcü dili bölməsi üzrə 1 114 nəfər, ingilis dili bölməsi üzrə 5 457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1 567 016 nəfər şagird qeydə alınıb.
Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan Azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.
Bu gün dövlət büdcəsindən maliyyələşən belə məktəblərin sayının artırılmasına ehtiyac varmı?
Təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, hazırda rus bölməsində təhsil verən məktəb və universitet kifayət qədərdir:
“Bu şəraitdə ayrıca bir rusdilli universitetin təsis edilməsi nə dərəcədə vacibdir və təhsil siyasətinə necə təsir edəcək?
Digər tərəfdən, niyə ingilis dilində dövlət hesabına təhsil almaq imkanları məhduddur? Azərbaycanın təhsil sistemində rus dilində tədrisin mövcudluğu tarixi köklərə malikdir. Ölkədə 300-dən çox məktəbdə rus bölməsi fəaliyyət göstərir, onlardan 17-si yalnız rus dili əsasında təhsil verən məktəbdir.
Rusdilli məktəblərin sayının artması ilə yanaşı, tələbələr üçün rus dilində təhsil verən ali təhsil müəssisələri də var.
Bakı Slavyan Universiteti bu sahədə əsas ali təhsil müəssisələrindən biridir, rus dili və ədəbiyyatı üzrə ixtisaslaşıb. Bundan əlavə, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və digər ali təhsil müəssisələrində rus bölmələri fəaliyyət göstərir. Belə olan halda, yeni bir Azərbaycan-Rusiya Universitetinin yaradılmasına ehtiyacın nə dərəcədə olduğu mübahisəlidir”.
Ekspert bildirib ki, rusdilli təhsilin geniş yayılması fonunda ingilis dilində dövlət hesabına təhsil almaq imkanlarının məhdud olması diqqət çəkir:
“Hazırda Azərbaycanda ingilisdilli məktəblərin əksəriyyəti özəl sektorun nəzarətindədir və burada təhsil almaq üçün yüksək ödəniş tələb olunur. Bir çox valideyn övladlarını ingilisdilli məktəblərə göndərmək istəyir, lakin ödənişli sistem bu imkanı məhdudlaşdırır. Əgər məqsəd gənclərin beynəlxalq əmək bazarında daha rəqabətli olmasını təmin etməkdirsə, ingilisdilli məktəblərin dövlət tərəfindən dəstəklənməsi və pulsuz təhsil verən məktəblərin açılması məqsədəuyğun olardı”.
Azərbaycan-Rusiya Universitetinin yaradılmasının əsas məqsədi nədir?
Ekspertin sözlərinə görə, əgər bu universitet Rusiya ilə akademik əməkdaşlığı inkişaf etdirmək və kadr hazırlığını gücləndirmək üçün nəzərdə tutulursa, mövcud ali təhsil müəssisələrində rus bölmələrinin genişləndirilməsi daha effektiv həll yolu ola bilərdi:
“Əgər universitet yalnız Rusiya təhsil modelinə əsaslanacaq və yerli təhsil prioritetlərini nəzərə almayacaqsa, bu, Azərbaycanın təhsil strategiyasına nə dərəcədə fayda verəcək? Bu sual açıq qalır. Dünyanın inkişaf etmiş ölkələrində çoxdilli təhsil sistemi geniş yayılıb. Avropa ölkələrində dövlət tərəfindən maliyyələşdirilən müxtəlif dillərdə təhsil verən məktəblər mövcuddur. Məsələn, Almaniyada fransız, ingilis, rus və türk dillərində təhsil verən dövlət məktəbləri fəaliyyət göstərir.
İsveçdə məktəblərin böyük bir hissəsində şagirdlərə əlavə dil seçimləri təqdim edilir. Finlandiyada isə təhsil sistemi çoxdilliliyi təşviq edir və burada dövlət hesabına müxtəlif dillərdə təhsil almaq mümkündür. Azərbaycanda da eyni model tətbiq edilərsə, yalnız rus dili deyil, ingilis, fransız, alman və digər beynəlxalq dillərdə də dövlət tərəfindən dəstəklənən məktəblərin yaradılması gənclərin gələcəkdə qlobal bazarda daha uğurlu olmasına şərait yarada bilər.
Təhsil siyasətində tarazlıq vacibdir. Əgər Azərbaycan hökuməti rus dilində təhsil almaq istəyənlər üçün dövlət hesabına məktəblər və ali təhsil müəssisələri yaradırsa, eyni yanaşma ingilis dili üçün də tətbiq edilməlidir.
İngilis dili qlobal ünsiyyət vasitəsi olduğu üçün bu dildə təhsil almaq istəyənlər üçün də dövlətin pulsuz imkanlar təqdim etməsi zəruridir. Hazırda ingilis dilli məktəblərin yalnız ödənişli olması və dövlət tərəfindən dəstəklənməməsi bir çox valideynlər üçün ciddi maneə yaradır. Əgər rus dilində təhsilə ayrılan maliyyə resursları ingilis dilində təhsilin inkişafına da yönəldilsə, ölkə daha rəqabətədavamlı bir təhsil modelinə keçid edə bilər”.
Məsələnin digər tərəfi isə Azərbaycanın ali təhsil sisteminin ümumi vəziyyəti ilə bağlıdır:
“Hazırda ölkədə fəaliyyət göstərən universitetlərdə infrastruktur problemləri, elmi tədqiqat bazasının zəif olması və dünya reytinqlərində geridə qalmaq kimi məsələlər mövcuddur. Bu baxımdan, yeni universitet yaratmaqdan daha vacib olan mövcud ali təhsil müəssisələrinin inkişaf etdirilməsi, onların beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Əgər Azərbaycanın təhsil sistemi qlobal reytinqlərdə irəliləmək istəyirsə, ilk növbədə yerli universitetlərin elmi potensialını gücləndirmək, onların tədqiqat və akademik imkanlarını artırmaq lazımdır. Əks halda, yeni universitetlərin yaradılması köhnə problemlərin həll edilmədən sadəcə say artırmağa yönəlmiş bir addım kimi görünə bilər.
Azərbaycan-Rusiya Universitetinin yaradılması təhsil siyasətində yeni bir istiqamət kimi təqdim edilsə də, onun real ehtiyac olub-olmadığı mübahisəlidir.
Hazırda ölkədə kifayət qədər rusdilli məktəb və universitet olduğu halda, bu resursların daha səmərəli istifadəsi mümkündürmü? Eyni zamanda, niyə dövlət yalnız rusdilli təhsili maliyyələşdirir, lakin ingilisdilli məktəblər ödənişlidir?”
Əgər məqsəd qlobal bazarda rəqabət qabiliyyətli kadr hazırlamaqdırsa, o zaman ingilis dilli təhsilin pulsuz olması üçün də mexanizmlər yaradılmalıdır. Təhsil siyasəti strateji baxımdan düşünülməli, təkcə siyasi maraqlara deyil, ölkənin gələcək inkişafına xidmət etməlidir. Hazırkı yanaşma yenidən nəzərdən keçirilməlidir”.