![Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1738962007_1b9ebdab-4e7d-3913-8426-c2a5283fc99f_850.jpg)
ABŞ Prezidenti Donald Tramp Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dələduzluq və korrupsiya kimi xarakterizə edib.
“Report” xəbər verir ki, bunu o, Ağ evdə Yaponiyanın Baş naziri Sigeru İşiba ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“USAID-ə baxsaq, bunların hamısı dələduzluqdur. Bu təşkilatın vəsaitlərinin çox az hissəsi yaxşı məqsədlərə xərclənir. Baxdığım büdcənin hər bir sətri ya korrupsiyadır, ya da gülünc bir şeydir”, – Tramp deyib.
ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə ABŞ dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti rəhbəri təyin edilib.
USAID-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder-sahibkar İlon Maskın təşəbbüsü ilə qəbul edilib.