
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 487 milyon 159,3 min manat (286,6 milyon dollar) vergi və rüsum daxil olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2,8% və ya 13,4 milyon manat çoxdur. Belə ki, ötən ilin yanvar ayında gömrükdən büdcəyə 473,7 milyon manat (278,7 milyon dollar) vəsait daxil olub.
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti isə kəskin azalıb.
Belə ki, ötən ilin yanvar ayında idxalın ümumi dəyəri 1 milyard 142 milyon dollar olub.
Bu isə o deməkdir ki, ötən ilin yanvar ayında büdcəyə daxil olan vəsait idxalın 24,4%-nə bərabər olub.
Bu ilin yanvar ayında isə idxalın ümumi dəyəri 2 milyard 52,4 milyon dollar olub. Nəticədə, bu ilin yanvar ayında büdcəyə daxil olan vəsait idxalın 14%-nə bərabər olub.