
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Azərbaycanda rəsmi səfərdə olub.
Səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif həm təkbətək, həm də geniş tərkibdə görüş keçiriblər. Eyni zamanda, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. Daha sonra isə, iki ölkə liderləri mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki lider öz bəyanatlarında Azərbaycan ilə Pakistan arasında münasibətlərin uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını, xalqlarımızın tarix boyu bir-birinə dəstək nümayiş etdirdiyini, eləcə də dövlətlərimizin beynəlxalq aləmdə daim ortaq maraqlardan çıxış etdiyini vurğulayıb.
Qeyd edək ki,.Azərbaycan-Pakistan əlaqələrinin davamlı inkişafı və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tərəflərin hər biri üçün olduqca mühüm nəticədir. Şərifin Azərbaycana dövlət səfərinə gəlməsi də ilk növbədə strateji tərəfdaşlıq kontekstində nəzərdən keçirilməlidir.
Azərbaycan və Pakistan qarşılıqlı dəyərlər, etimad və ortaq maraqlara əsaslanan uzunmüddətli əlaqələrə malikdir. Bu səfər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, iqtisadi tərəfdaşlığın gücləndirilməsi və regional əməkdaşlığın artırılmasına dair qarşılıqlı dəstəyi möhkəmləndirir. Bu səfər Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq və ticarətin, o cümlədən investisiyaların artırılması üçün bir fürsət yaradır.
İmzalanan müqavilə və memorandumlar yeni biznes imkanları açaraq Pakistan məhsulları üçün bazarlar və Azərbaycan investisiyaları üçün geniş imkanlar təqdim edəcək.
Onu da deyək ki, Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Azərbaycanla Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib.
Milli Məclisin deputatı Şahin Seyidzadə "Sherg.az"a açıqlamasında deyib ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin səfəri iki ölkə arasındakı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı bir sıra mühüm məsələlərin müzakirə olunduğun və konkret addımların atıldığını vurğulayan deputat qeyd edib ki, Pakistanın baş nazirinin Azərbaycana rəsmi səfəri, iki ölkə arasında mövcud olan əlaqələrin daha da gücləndirilməsi baxımından da əhəmiyyətlidir:
"Azərbaycanın və Pakistanın siyasi, iqtisadi və mədəni sahələrdə yaxın əlaqələr qurması, həmçinin bir-birini regional məsələlərdə dəstəkləməsi, bu səfərin önəmini artırır.
Qeyd edim ki, Pakistanın Baş nazirinin bu səfəri Azərbaycan ilə Pakistan arasında ticarət və iqtisadi əməkdaşlığın genişlənməsi, enerji sahəsində birgə layihələrin inkişafı və eləcə də hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm imkanlar yaradacaqdır. Eyni zamanda, bu əlaqələr regional təhlükəsizlik və sabitlik məsələlərində də özünü göstərir. Pakistan və Azərbaycanın daha çox birgə layihələr həyata keçirməsi, müxtəlif sahələrdə, o cümlədən infrastruktur, nəqliyyat və təhsil sahələrində əməkdaşlıq etməsi mümkündür. Bu səfər, gələcəkdə bu əlaqələrin daha da genişlənməsi üçün yaxşı bir zəmin yaradır.
Pakistan İslam Respublikası, xüsusilə Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyərək 2020-ci ilin Vətən müharibəsi dövründə Azərbaycanın yanında olduğunu bəyan etdi, Azərbaycanın haqq işini tanıdı və münaqişənin həllində Azərbaycanın mövqeyinə tam dəstək verdiyini birmənalı olaraq bildirdi. Müharibə bitdikdən sonra, Pakistan İslam Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa işlərini dəstəkləmək və bu bölgənin iqtisadi inkişafına yardım etmək üçün yanında olduğunu bir daha da bildirmişdir. Pakistanın Qarabağ müharibəsindəki dəstəyi Azərbaycanın beynəlxalq münasibətlərində əhəmiyyətli bir tərəfdaşlıq nümunəsi olaraq qalır. Bu isə iki ölkə arasında qarşılıqlı hörmət və etimadın mövcud olduğunu göstərir.
Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq uzun və zəngin bir tarixə malikdir. İki ölkə arasında əlaqələr, həmçinin mədəni, iqtisadi və siyasi sahələrdə güclü dostluq və qarşılıqlı dəstək üzərində qurulub".
Ş.Seyidzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari arasında çox yaxın dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Onun sözlərinə görə, bu münasibətlər həm siyasi, həm də şəxsi səviyyədə dərin bir dostluq və qarşılıqlı hörmətə əsaslanır: "Son illərdə ölkələrimiz arasında qardaşlıq münasibətləri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub və ölkənin suverenliyinə, ərazi bütövlüyünə güclü dəstək verməkdə davam etmişdir. Bu dostluq münasibətləri, yalnız dövlət başçıları arasında deyil, həm də iki ölkənin xalqları arasında olan münasibətləri dərinləşdirir. Prezidentlər arasındakı sıx əməkdaşlıq və qarşılıqlı dəstək, Azərbaycan və Pakistan arasındakı əlaqələrin əsasını təşkil edir və bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcəkdir. Ümumilikdə, Şahbaz Şərifin Azərbaycana səfəri, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün mühüm bir imkan təqdim edir".