Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
“Bir ildir ki, ünvanlı sosial yardım ala bilmirik. Heç bir yerdə işləmirəm. Qazana bilmirəmsə, torpaq pulunu necə ödəyim”.
Bu barədə Musavat.com-a Yardımlı rayonunun Burzunbul kənd sakini Sultanov Möhübbət Əliyar oğlu bildirib.
Qeyd edib ki, ünvanlı sosial yardım almaq üçün ondan ya işləməsi, ya da torpaq pulunun ödənməsi tələb edilir:
“Ötən ilə kimi 500 manat məbləğində ünvanlı sosial yardım alırdım. Torpaq pulu ödəməklə, 9 ay torpaq pulu ödəmişəm. O zaman qayda belə idi ki, 6 aylıq torpaq pulu ödəməli idik, mən isə 9 ayı ödəmişdim. Yanvarın 1-dən isə torpaqla bağlı yeni qanun çıxdı. Yeni qaydaya görə, artıq bir illik torpaq pulu ödəməlisən. Mənim arayış almağa, rayona getməyə belə pulum qalmayıb. Ancaq elə o pulu borcla-xərclə ödəmişdik. Nə işləyirəm, nə də torpaq pulu ödəyə bilirəm. Çarəsiz qalmışam. Bununla bağlı nazirliyin “142” Çağrı Mərkəzinə də məlumat vermişik. Onlar da bildirdilər ki, ünvanlı sosial yardım almaq üçün ya işləməliyəm, ya da torpaq pulunu ödəməliyəm. Xahiş edirəm, mənə kömək edin, çarəsiz qalmışam”.
Qeyd edək ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlamışıq, cavablandığı təqdirdə yayımlayacağıq.