İran rejimi Azərbaycana münasibətdə səmimi davranış nümayiş etdirməyə çalışsa da, vaxtaşırı atdığı addımlar bütün bunların görüntü xarakteri daşıdığını göstərir.
Rəsmi Tehranın son addımları fars-molla rejiminin Azərbaycan və türk düşmənçiliyindən əl çəkmədiyini bir daha sübut edir. Yanvarın 1-də Ərdəbil şəhərində Azərbaycanla Türkiyənin arasını qarışdırmaq niyyəti güdən təxribatçı tədbirin keçirilməsi İranın siyasi xislətinin dəyişmədiyini əks etdirir.
Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına təhqiramiz ifadələrin səsləndiyi “Çaldıran şəhidləri” adlı yığıncağın hansı məqsədlə təşkil olunduğu aydın idi. İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər Cənubi Qafqazda, Yaxın Şərqdə yaratdığı yeni geosiyasi reallıqları İran rejimi həzm edə bilmir. İran hələ də Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, Suriyada Bəşər Əsəd diktaturasının devrilməsindən sonra Türkiyənin nüfuzunun artmasını qəbul etmək istəmir.
Hələ buraya geniş bir coğrafiyada Türk Dövlətləri Təşkilatlarının yaranmasını da əlavə etsək, İran hakimiyyətinin baş verənlərə reaksiyasının səbəbi aydın olar. Həm Azərbaycan, həm də Türkiyə münaqişələrə, zorakılığa, qətliyamlara son qoyub sülh gətirmək siyasəti İranı qane etmir.
Çünki bütün dünyada İran terroru, müharibələri, separatizmi dəstəkləyən dövlət kimi tanınır. Ona görə də Azərbaycanın və Türkiyənin sülh siyasətinə rəsmi Tehran Seyid Həsən Amuli kimi casus mollaların vasitəsilə söyüşlə, təhqirlə cavab verir.
Etdiyi etikadan kənar hərəkətlərə görə, üzr istəmək əvəzinə İran ədəb-ərkanı daha da aşır. Təbii ki, bütün bunlar İranın ali lideri Ayətullah Seyid Əli Xameneyinin göstərişi ilə baş verir. Azərbaycan Prezidenti də yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycan xalqına və Prezidentinə qarşı nifrət münasibəti bəsləyən, təhqirəmaiz ifadələr işləyən əyalət mollasının Xameneyi tərəfindən təyin edildiyini və cəzalandırılmalı olduğunu deyib:
“Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”.
Yanvarın 8-də İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana rəsmi səfər etdi və bir çoxları molla rejiminin öz davranışından nəticə çıxarıb üzr istəyəcəyini zənn etdi.
Amma İran Azərbaycan dövlətinə qarşı təxribatlarından əl çəkmir. 1993-cü ildən axtarışda olan cinayətkar, hazırda Moskvada İsmayıl Şabanovun Tehrana dəvət edilərək İslam İnqilabı keçikçiləri Korpusunun (SEPAH) generalı ilə görüşməsi, sonra fotosunun yayılması Azərbaycana qarşı növbəti hədyan və təhdiddir.
Əlbəttə, indi 1993-cü il deyil. İsmayıl Şabanov kimiləri İrandakı molların dəstəyi ilə Azərbaycanda sabitliyi poza bilməz. İran xalqı bu gün teokratik rejimə dəstək vermir. Cəmiyyətdə hakimiyyətin bütün ideoloji və siyasi dayaqları sarsılıb.
Yəni İran rejimi öz başının hayındadır. Həm xarici güclər, həm də xalq rejimi dəyişmək üçün məqam gözləyir. Belə bir vaxtda hansısa SEPAH generalının İsmayıl Şabanovla foto çəkdirməsi Azərbaycana deyil, yalnız İranın özünə ziyan gətirə bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”