
Bir neçə gündür ki, ölkə üzrə qeyri-sabit hava şəraiti hökm sürür. Aramsız yağan dolu və qar, bir tərəfdən də küləyin sürəti, temperaturun normadan aşağı düşməsi təhsilə də müəyyən təsirini göstərir. Hazırda davam edən qeyri-sabit hava şəraiti səbəbindən ölkə ali təhsil müəssisələrinin demək olar ki, hamısı 24 fevralda onlayn tədrisə keçid qərarını verdilər. Pandemiya dövründə qazanılan təcrübənin bir günlük ehtiyac üçün (məlumatlara əsasən, soyuq hava dönəmi iki günə səngiyəcək və qar yağımı dayanacaq) tətbiqi heç də pis fikir deyil.
Orta məktəblərlə bağlı isə durum hələ tam dəqiq deyil. Elm və Təhsil Nazirliyinin bir neçə saat bundan öncə verdiyi açıqlamaya əsasən sabah dərslərin təxirə salınması ilə bağlı hər hansı rəsmi qərar yoxdur. Lakin hava şəraitinin durumu, ümumi gedişat izlənəcək və hər hansı dəyişiklik olacaqsa, ictimaiyyətə bu barədə məlumat veriləcək.
Məsələnin sosial tərəfi göz önündə: nəqliyyat sistemi və yollardakı durumun qar səbəbindən təhlükə faktoruna çevrilməsi, məktəblərə varmanın şagirdlər üçün tibbi baxımdan da hər hansı problem yaratma ehtimalı hər kəsə məlumdur.
Amma məsələnin bir tərəfi də var. Xüsusən də bu cür havalarda biz şagirdlərin ekoloji maariflənməsi barəsində düşünürükmü? Məsələn, qarlı havalarda ilk dərslər ekoloji amillərə həsr oluna bilməzmi? Çünki göz önümüzdə yaşanan qlobal iqlim problemi, qlobal istiləşmə, temperaturun bəzən normadan artıq, bəzən də xeyli aşağı düşməsi kimi faktorlar, bununla bağlı çıxış yolları və s. şagirdlərə nə dərəcədə çatdırılır?
Hazırda yağan qar bizə həm də bunu demirmi? Məncə, deyir. Biz isə buna gecikirik, həm də çox gecikirik. Ekologiyaya aid ayrıca bir fənnin olmaması faktı bu məsələtə olan diqqətin göstəricisidir.
Hazırda dünyanın bir çox ölkələrində təhsil sahəsi ekoloji təbliğatın aparıldığı əsas arenalardan hesab olunur. İstər orta, istərsə də ali təhsil pillələrində, təhsilin müxtəlif səviyyələri üzrə fərqli məkan çərçivələrində ekoloji şüurun inkişafı istiqamətdə effektli işlər görülür, layihələr həyata keçirilir. Bu gün dünya məktəblərində ekologiya təhsili kurrikulumun mühüm komponenti öz mövqeyini və tələbatlılığını getdikcə möhkələndirməkdədir.
Bir çox xarici ölkə təcrübələrində bu predmetin kurikulumunun əsasını canlı orqanizmlər və onların ətraf mühiti arasında əlaqələrin öyrənilməsini əhatə edir ki, bu da davamlı gələcəyin dəstəklənməsi üçün çox vacibdir. Lakin ekoloji təhsilin tətbiqi prinsipləri təkcə bu deyil, həm də aşağıdakı meyarlarla ölçülür:
-Bilik və bacarıqların inkişafı – ekoloji təhsil təkcə nəzəri biliklərlə deyil, həm də praktiki bacarıqlarla da fərqlənməli və hər iki kriteriya şagirdləri cəmiyyət üçün həm də bu istiqamətdə faydalı fərdə çevirməlidir ki, xarici ölkə təcrübələrində də əsasan bu prinsipə xüsusi diqqət göstərilir. Bilik və bacarıqların paralel inkişafı və tətbiqinə hesablanan ekoloji təhsil şagirdlərdə Yer planeti, onun resursları, yaşadığı ölkənin təbiəti, iqliminə sayğını da formalaşdırır. Ekoloji təhsilin bu prinsipinin əsas vəzifəsi şagirdləri ətraf mühitin sağlamlığı, iqlim dəyişikliyi və davamlı təcrübələr haqqında məlumatlarla təmin etməkdir;
-Ətraf mühitin mühafizəsinin təşviqi və motivasiyası: Bilik və bacarıqlar sayəsində ekoloji prinsipləri dərk etməklə şagird və tələbələrin ətraf mühitin mühafizəsi istiqamətində özlərini daha yararlı və məsuliyyət sahibləri kimi hiss etmələri ekoloji təhsilin əsas məqsədlərindəndir. Bu prinsip ətraf mühit qarşısında məsuliyyət hissini aşılamağa kömək edir.
-Ekologiya və fənlərarası inteqrasiya-Ekologiya inteqral elm sahəsi kimi biologiya, coğrafiya və sosial elmlər daxil olmaqla müxtəlif fənlərlə kəsişir və ətraf mühitlə bağlı problemlərin hərtərəfli başa düşülməsini təşviq edir.
Xarici ölkə təcrübələrində ekoloji təhsillə bağlı tədris proqramı və praktiki layihələr məhz bu 3 prinsip əsasında həyata keçirilir. Həmçinin beynəxalq təcrübədə ekoloji təhsilin tədqiqi ilə bağlı bir çox maraqlı yanaşmalar da var. Həmin nəzəri yanaşmalar təhsil-ekologiya ikilisinin qarşılıqlı əlaqəsini özündə mükəmməl şəkildə əks etdirən nəzəri-praktiki prinsiplərdir:
-“Reggio Emilia” yanaşması – Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən ekoloji mədəniyyət məktəblərində “Reggio Emilia” yanaşması tətbiq olunur. Bu yanaşma uşaqları təlim prosesində fəal iştiraka həvəsləndirməklə yanaşı, ekoloji tədrisə aid nəzəri bilgilərin birbaşa ətraf mühitlə qarşılıqlı əlaqəsi, praktiki bacarıqların tətbiqinə də səsləyir. Burada “Reggio Emilio” yanaşması şagirdlərlə özlərini ifadə etməyə və yaradıcılıqlarını inkişaf etdirməyə də imkan verir;
-“Valdorf təhsili”- Ekoloji təhsildə ən faydalı və məşhur nəzəri-praktiki yanaşmalardan hesab edilir. Bu təhsil metodunda şagirdlərin təbiətə, ətraf mühitə fərqli münasibət və dəyərləndirilmə aşılanır. Şagirdlərin ətraf mühitə, ekoloji şüura olan bağlılığı burada incəsənət, sənətkarlıq, musiqi vasitəsilə əlaqələndirilir və onların emosional zəka ilə sosial bacarıqlar paralel şəkildə gücləndirir;
-“Montessori” təhsili – ekoloji təhsili inkişaf etdirmək üçün tətbiq olunan metodlardan ən məşhurlarından biridir. Yanaşma uşaqlara sərbəst və rahat şəkildə öyrənmə prinsiplərini təşviq edir və onların özünü tənzimləmə bacarıqlarını təkmilləşdirir. Bu metoda əsasən şagirdlər sərbəst şəkildə seçim edə, araşdıra və datalar, proseslər arasında qarşılıqlı əlaqə qura bilərlər. Özgüvən və nizamlılığı artıran bu meyarlar ekoloji mədəniyyət məktəblərində ən faydalı tətbiqlərdən hesab edilir.
Türkiyə Cümhuriyyətinin orta təhsil seqmentində ekoloji təhsil proqramında əsas pay sahibi ekoloji mədəniyyət mərkəzlərinə aiddir. Yuxarıda adıçəkilən yanaşmaların hər biri burada uğurla həyata keçirilir. Xüsusən də Konya şəhərində fəaliyyət göstərən ekoloji mədəniyyət mərkəzlərində ekoloji şüurun təbliği yüksək səviyyədə təşkil olunur. Burada müxtəlif beynəlxalq nəzəri-praktiki yanaşmalar uğurla tədris olunur və şagirdlərdə ətraf mühitə yaradıcı yanaşma ilə yanaşı, sosial bacarıqlar da aşılayır.
Ekologiya ayrıca fənn kimi tədris olunmasa da, Türkiyə məktəblərində həyata keçirilən ekoloji maarifləndirmə tədbirləri özünün sistemliliyi və davamlılığı ilə fərqlənir. Bir çox müəllimlərin sosial aktivlik göstəricilərinin əsasını məhz ekoloji layihələr təşkil edir.
Türkiyənin ali təhsil məkanında da bir çox universitetlər ekoloji davamlılıq sahəsində öncül təcrübələrə malikdirlər və davamlı inkişafı təşviq edən layihələr həyata keçirirlər. Boğaziçi Universiteti bu sahədə nümunə hesab edilməlidir. Universitet kampuslarında günəş panelləri, suyun təkrar istifadəsi və tullantıların azaldılması sistemləri tətbiq olunur. Hətta, Boğaziçi Universiteti “Yaşıl Universitetlər” reytinqində 2023-cü ildə ilk 100-lükdə yer almışdır. Universitetin İqlim Dəyişiklikləri Araşdırma Mərkəzi iqlim məsələləri ilə bağlı mütəmadi seminar və layihələr təşkil edir. Bu universitetin təcrübəsi göstərir ki, ekoloji məsələlərə əhəmiyyət verilməsi universitetin qlobal reytinqlərdə mövqeyinə də müsbət təsir göstərir.
Rusiyada hələ bir neçə il bundan əvvəl ekoloji təhsilin vacibliyi ilə bağlı çox ciddi addım atılmışdır. Ölkədə ekologiya fənninin ümumtəhsil məktəblərində məcburi fənn kimi tədris olunması barədə qərar verildi. Qərara əsasən, artıq Rusiyanın ümumtəhsil məktəblərində ayrıca fənn kimi şagirdlərə tədris olunacaq ekologiyanın kurrikulumu və tədris proqramı hazırlandı. Həmin proqram nəzəri biliklərlə yanaşı, bir çox praktiki ekoloji layihələri də əhatə etməyi bacardı.
Rusiyada ali təhsil müəssisələri də ekoloji hədəflərin həyata keçirilməsində faydalı iş göstəricilərinə malikdirlər. Məsələn, ölkənin bir nömrəli universiteti hesab edilən Moskva Dövlət Universiteti ətraf mühitin qorunması istiqamətində geniş tədqiqatlar və ekoloji layihələr aparır. Bu layihələr çərçivəsində “Sıfır karbon emissiyaları” təşəbbüsü ilə karbon izini azaltmağı hədəfləyən universitet proqram daxilində kampusda karbon emissiyalarını 15% azaltmağa nail olmuşdur. Universitet ekoloji tədqiqatlar üçün hər il təxminən 1 milyon dollar sərmayə ayırır və bu sahədəki fəaliyyətlərini genişləndirir.
Gürcüstanda orta təhsil seqmentində son illərdə ekoloji təhsilə xüsusi diqqət ayrılmaqdadır. Buna ölkənin hazırda müxtəlif ekoloji problemlərlə, o cümlədən meşələrin qırılması, çirklənmə və iqlim dəyişikliyi ilə mübarizə apardığını və ekoloji şüurun təbliğinin vacibliyini əsas səbəb kimi göstərmək mümkündür. Ekoloji təhsilin yuxarıda vurğuladığımız üç təməl prinsipindən üçüncüsü- Ekologiya və fənlərarası inteqrasiya modulu burada daha çox tətbiq olunur. Ekologiyanın kurrikuluma inteqrasiyası şagirdlərdə ətraf mühitlə bağlı məsuliyyət hissini inkişaf etdirmək və gənc yaşlarından davamlı təcrübələri təşviq etmək məqsədi daşıyır.
Lakin Gürcüstanda hələ də orta ümumtəhsil sektorunda ekoloji tədrisin dolğun təşkili ilə bağlı müəyyən problemlər qalmaqdadır. Bu problemlər əsasən tədrisin xaotik təşkili və praktiki imkanların zəifliyidir. Ekoloji prinsiplər özünü vahid dərslik şəklində deyil, konkret fənn çərçivəsində deyil, inteqrativ formada biologiya, coğrafiya kimi sahələrin tərkibində tədris olunur.
Amma ölkənin ali təhsil seqmentində ekoloji təfəkkürün inkişafı istiqamətində daha praqmatik addımlar atılır.
Xüsusilə də Tbilisi Dövlət Universiteti özünün effektli ekoloji təşəbbüslər ilə tanınır. Universitetdə ayrıca olaraq ekologiya mərkəzi yaradılıb və bu mərkəz tələbələrə ekoloji təhsili inkişaf etdirmək üçün kurslar təqdim edir. Universitet eyni zamanda, iqlim dəyişikliklərinə qarşı mübarizədə maarifləndirmə tədbirləri keçirir və kampusda enerjiyə qənaət texnologiyalarından istifadə edir. Statistik məlumatlara görə, TSU-nun həyata keçirdiyi enerji qənaəti tədbirləri illik enerji sərfini 10%-ə qədər azaltmağa kömək edib.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
Moderator.az