ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI QƏRAR QÜVVƏDƏ QALDI
Tarix: 10-11-2011, 17:43 |
Çap et
AŞAĞI MƏHKƏMƏNİN QƏRARI QÜVVƏDƏ SAXLANILDI
Noyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şikayətinə baxılıb. Şikayət Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2011-ci il qərarından verilmişdi.
Vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı və onun ətrafında olan şəxslərin telefon danışıqlarının dinlənilməsi haqqında qərar qüvvədə saxlanıb: “Apellyasiya baxışında Nəsimi Rayon Məhkəməsinin qərarının bizə təqdim olunmasını tələb etdik. Lakin bundan imtina olundu və aşağı məhkəmənin qərarı qüvvədə saxlandı”.
Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma - təkrar törədildikdə) 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham olunur.
Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.