"HALAL MARKET"DƏ "HALAL ARAQ"?
Tarix: 2-03-2012, 12:57 | Çap et
AZƏRBAYCANDA BELƏ ŞEYLƏR DƏ OLUR...
Bir dəfə rəhmətlik Sabir haqqında hərzəvu hədyan danışmağa başlayırlar. Yazığı, müsəlmanları rişxənd etməkdə günahlandırırlar. Amma Sabir o müsəlmanları qınayır, məsğərə edirdi ki, onlar həqiqətən də buna layiq idilər.
Elə indicə nağıl edəcəyim əhadis məni vadar elədi ki, Sabirə dönə-dönə rəhmət oxuyum.
Yaxınlıqdakı ərzaq dükanının- müasir adla desək- marketin yanından keçirdim ki, bir də nə görsəm yaxşıdır?! Gördüm ki, uzun illərdir içində, polkalarında, vitrinlərində növbənöv, çeşidbəçeşid araqlar, şampanlar, konyaklar, çaxırlar, mən nə bilim daha nələr, satılan bu marketin giriş qapısının üzərinə "gözəgirəcək" qədər böyüklükdə bir reklamiyyə vurulub. Reklamiyyənin üzərinə "Halal market" yazılıb. çox sevindim, fikirləşdim ki, marketə daxil olub sahibini təbrik edim, çünki o, artıq namaz-oruc əhli olub və araqla, konyakla, şampanla, çaxırla, pivə ilə və onların satışı ilə xudahafizləşib.
Bu dükan sahibini mən uşaqlığımdan tanıyırdım. Dükana girdim, o an ağlıma gəldi ki, əvvəllər araq, konyak, pivə, çaxır, şampan düzülən vitrinlərə və polkalara bir daha baxım, görüm həmin araq, pivə, konyak, şampan və çaxırlarla dolu olan polkalar və vitrinlər "nura gəlibmi?"
Tez həmin səmtə nəzərimi dikdim. Amma gördüm zərrəcə gəlməyib? Niyə, Zira, heç o araqlar, pivələr, şampanlar, konyaklar və çaxırlar sən deməmiş -heç vitrinlərdən götürülməyibmiş. Sadəcə, kişinin kefinə düşüb, marketin adını belə qoyub. Bərk qəzəbləndim. Dedim, Bəhlul Danəndə kimi məzəli formada olsa da, dükançını sancmamış getsəm, Allaha qarşı günah olar! Əlimi araq, konyak, çaxır, pivə, şampan olan vitrinlərə tərəf uzadıb dilləndim:
- üzüqibləyə, "bismillah"la süzülmüş arağınızdan birini, yox, yox, ikisini verin, zəhmət olmasa.
- Bala, üzüqibləyə, "bismillah"la araq süzülür məgər?
- Heç halal arağınız yoxdur?
- Halal araq olur? Sənin başın işləyir bala?
- Bəs, haram satılan dükanın "halal market" deyə reklamiyyəsi olurmu məgər?
Dahası odur ki, ona belə izah etdim: ay əmi, ay dayı, mübarək dinimizi sizin kimi müsəlmanların ucbatından çoxları bəyənmir və bəyənməyib dəxi, başlayırlar ləkələməyə. Və də, sizin kimi arağın halalının olmadığını bilib də, riayət etməyənlər, polkası, vitrini araqla dolu olan dükana "halal market" reklamiyyəsi vuranda və bununla belə, durub halalçılığı kiməsə öyrədəndə cəhalət xəlqi bürüyür.
Qasımbala Səfərov
|