Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib ki, Azərbaycan BRİKS-ə üzv olmaq istəyir:
“BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə o bildirib.
Mövzu ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran hərbi-siyasi ekspert Həşim Səhrablı açıqlamasında bildirib ki, Polad Bülbüloğlu rəsmi Moskvanın 2024-cü ildəki sədrliyini Azərbaycanın BRİKS-ə üzv olmasını fürsət olaraq görür:
- Həşim bəy , Sizin bu açıqlama ilə bağlı düşüncələrinizi bilmək istərdik...
- Polad Bülbüloğlunun bu məlum açıqlamasından əvvəl də Azərbaycanın BRİKS-ə üzv olmaq məsələsi qabardılırdı.Rusiya prezidenti Putinin Azərbaycana səfəri zamanı bu sözün söylənməsi ondan xəbər verir ki, iki prezident arasında görüş çeşidli olacaq. Hesab edirəm ki, Polad Bülbüloğlu rəsmi Moskvanın 2024-cü ildəki sədrliyini Azərbaycanın BRİKS-ə üzv olmaq fürsəti olaraq görür.
- Sizcə , Azərbaycan BRİKS-ə üzv olmaq istəyini ifadə etməklə qütbləşən dünyada öz mövqeyini göstərib?
- Açığı düşünmürəm ki, Azərbaycan BRİKS-ə üzv olmaqla qütbləşən dünyada tərəf tutmuş olsun. Çünki BRİKS hərbi-siyasi məqsəd daşımayan, sadəcə iqtisadi məsələlər üzrə ölkələri birləşdirən təşkilatdır. Biz bilirik ki, Azərbaycan uzun illər Avropa İttifaqı ilə əlaqələr qurub və bu indi də davam edir.
- Bəs niyə Avropa İttifaqı yox , BRİKS?
- Avropa İttifaqı adından bəlli olduğu kimi Avropa səviyyəsində yaranmış və onun sərhədləri daxilindəki ölkələri tərkibinə almağı hədəfləyən təşkilatdır. Lakin BRİKS özünü hansısa qitə ilə sərhədləmir. Bu dünyanı əhatə edən bir təşkilatdır və fərqli-fərqli qitələrdən üzvləri var. Həmçinin biz Avropa İttifaqına qoşulmaq istəsək də Avropa dövlətləri bunu təsdiqləməzdi. Amma BRİKS-də vəziyyəti tamamilə fərqlidir.
- Rəsmi Bakının BRİKS-ə üzv olmaqda məqsədləri nələrdir?
- Az öncədən qeyd etdiyimiz kimi BRİKS iqtisadi bir təşkilatdır. Rusiyadan Çinə, Çindən Afrikaya, Afrikadan Cənubi Amerikaya kimi uzanan, tərkibində dünyanın böyük iqtisadiyyatlarından bəzilərini özündə daşıyan bir təşkilat Azərbaycana öz iqtisadiyyatını inkişaf etdirmək üçün fürsət yaradır. Təbiidir ki, rəsmi Bakı bu fürsəti dəyərləndirmək istəyir.
- Azərbaycan BRİKS-ə üzv olarsa, bunun müsbət və mənfi tərəfləri nələr ola bilər?
- Hər nə qədər BRİKS-ə qoşulmaq qütblər arasında seçim etmək olmasa da, bəlli dairələr bunu Azərbaycan " Rusiya-Çin mərkəzli qlobal Şərqi seçdi " mülahizəsi kimi qələmə verib Azərbaycanın kollektiv Qərblə əlaqələrini korlamağa cəhd edə bilərlər. BRİKS-ə üzv olmaq siyasi seçim olmasa da, söylədiklərim real təhlükədir. Hesab edirəm ki, BRİKS-ə qoşulmağın Azərbaycana mənfilərindən çox müsbətiçələr gətirə bilər. Lakin rəsmi Bakı yalnız BRİKS-ə üzvlüklə işləri qura bilməz. Avropa İttifaqı ilə əlaqələr də genişləndirilməlidir, lazım olarsa, Avropa İttifaqına üzvlük məsələsini də dəyərləndirilmək lazımdır. Çünki qütbləşən dünyada bir-biri ilə rəqib mərkəzlərlə nə qədər çox əlaqəmiz olsa, həmin qüvvələr üçün əvəzolunmaz tərəfdaşa çevriləcəyik.