Son zamanlar yerli medianın gündəmində tez-tez işıqlandırılan vətəndaş narazılıqları daha çox Gəncə şəhər sakinlərindən olduğunu desək yanılmarıq.
Şikayətlərin çoxluğunu isə Gəncə səhiyyəsi təşkil edir.
DogruXeber.az-ın ötən yayımlarında Abbas Səhhət adına 1 Nömrəli Gəncə Şəhər Xəstəxanasında, Qarabağ qazilərimizə qarşı laqeydlik, hətta saymazlığı özünüz də görüntülü şəkildə görmüsünüz.
Onu da qeyd edək ki, Gəncə şəhər Səhiyyə sahəsindəki narazılıqların səbəbi təkcə sakinlərə qarşı hörmətsiz davranışları deyil, eyni zamanda korrupsiya faktlarıdır.
Təəssüflər olsun korrupsiya da təkcə səhiyyə sahəsində deyil. Ümumiyyətlə yerli dövlət qurumlarının əksəriyyətində cərəyan edən arzuolunmaz faktlardır.
Misal olaraq yaxın günlərdə "MUMtv" YouTube kanalımızda yayımlanan əslən Daşkəsən rayon Əmirvar kəndindən olub, Gəncə şəhər Atatürk prospekti 1 ünvanınında yataqxanada sığınan Hüseynova Ülviyyə Telman qızı öz şikayətində yaşadığı binanın komendantının arayış üçün ondan 30 manat rüşvət istəməsini xatırlada bilərik.
Ümumiyyətlə çox misal göstərmək olar. Amma, hamısını yazıb oxucularımızı yormaq istəmirik. Internet üzərindən kiçik araşdırma aparmaqla bu kimi bir neçə (hələ mətbuata məlum olan) faktlara rast gəlmək mümkündür.
Bütün bu özbaşınalıq faktlarının bu qədər "inkişaf" etməsi isə "ev sahibi"nin, yəni Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun uğursuz fəaliyyətindən "ilham"lanır.
"Səhiyyənin İcra Hakimiyyətinə nə dəxli var" da deyə bilərsiniz. Ki, bunun da cavabını ötən yazılarımızda vermişik. Yenə də qısaca xatırlatma edək ki, rayonlarda fəaliyyət göstərən bütün yerli dövlət qurumlarına (hətta qanunla müstəqil hakimiyyət hesab olunan Məhkəməyə belə) İcra başçıları nəyinki müdaxilə edir, hətta əmr verirlər.
Doğrudur. Səhiyyə sahəsində isə İcra Hakimiyyəti yeganə günahkar deyil, Səhiyyə Nazirimiz Oqtay Şirəliyev kimi suç ortağı da var. İndi sizin diqqətinizə çatdıracağımız vətəndaşın şikayətində isə suç ortaqlığında Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevin də payı var.
Demək Gəncə şəhər Azərbaycan küçəsi, 14-cü döngə, ev nömrə 20 ünvanınında yaşayan Xaliq Həsənov bildirir ki, "həyat yoldaşım Həsənova Elfira Dilənçi qızı ruhi-psixoloji xəstədir. 9 il Gəncə Şəhər Psixonevroloji Dispanserdə 9 il müalicə alıb. Hazırda Maddi durumumuz da olduqca aşağıdır. Qanunla həyat yoldaşım xəstəliyi ilə bağlı təqaüd almalıdır. Onun təqaüd alması üçün lazım olan sənədləri Elmira xanım vermir. (Yeri gəlmişkən onu da qeyd edək ki, vətəndaşın "baş həkim" dediyi Elmira Səlimova Gəncə Şəhər Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) rəhbərlik edir. Özü də Gəncə şəhər Psixonevroloji Dispanserin baş həkimi Yaşar Əliyevin həyat yoldaşıdır)
Vətəndaş Xaliq Həsənov iddia edir ki, lazım olan sənədləri vermək üçün Elmira xanım 2-3 min manat pul tələb edir. X.Həsənov isə artıq Gəncə "qanunları"nı normal qəbul edir. Bu da ona dəlalət edir ki, bu "qanun"lar yeni deyil.
Həm acınacaqlı, eyni zamanda gülməli olan vəziyyət odur ki, indi çarəsiz vətəndaş X. Həsənov tapdanmış hüquqlarının bərpası üçün deyil, tələb olunan pulu düzəltmək üçün Cənab Prezidentdən kömək istəyir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az