Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının son 3 il ərzində avarçəkmə idman növündə apardığı uğurlu işlər gözlənilən yüksək nəticəsini verib. Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.
dia-az.life xəbər verir ki, idmançımız yarımfinalda finişə hamıdan tez çatıb. Diana 2000 metr məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini qabaqlayaraq birinci olub (07:40.67/07:40.67). Bu nəticə ilə avarçəkənimiz əsas final olan A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən A finalında yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib. Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib. Milli komandamızın üzvü A finalında 2-ci olub.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub.