Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC AZAL ictimaiyyəti ayıq olmağa və saxta kampaniyalara inanmamağa çağırır.
Dia-az.İnfo xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, son zamanlar sosial şəbəkələrdə AZAL-ın adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur. Kibercinayətkarlar QSC-nin adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.
"Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər", - məlumatda deyilir..
Qeyd olunur ki, vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.
"Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir", - QSC bildirir.