Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan haqqında həbs qərarı çıxarılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli İstintaq Komitəsi xüsusi izahat yayıb.
“2020-ci il oktyabrın 7-dən oktyabrın 17-dək olan müddətdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibət göstərib.
Cənub qrupu üçün nəzarət mərkəzi yaratmayıb və döyüş əməliyyatları zamanı nəzarət üçün xarakterik olan bir sıra tədbirləri tam həyata keçirməyib. Bu da səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olub. Sonuncunun hərəkətləri müdafiənin uğursuzluğuna gətirib çıxarıb, qoşunların komandanlığı və idarə edilməsi sistemini sarsıdıb, qarşıya qoyulmuş döyüş tapşırığının icrası pozulub, nəticədə düşmən (Azərbaycan ordusu nəzərdə tutulur - red.) yaranmış vəziyyətdən istifadə edərək maneəsiz şəkildə mövqeləri ələ keçirib və ərazini nəzarətə götürüb”, - deyə izahatda qeyd olunub.