“Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Tarix: 6-01-2025, 11:09 |
Çap et
Bakının Xəzər rayonun Mərdəkan qəsəbəsi ərazisindəki çimərlikdə "Amin Mərdəkanski" kimi tanınan Amin Xudaverdiyevi qətlə yetirməkdə təqsirləndirilən Ruhulla Abdullazadənin məhkəməsi başlayıb.
"Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
O, tərcümeyi halını səsləndirərkən ali təhsilli olduğunu, polis akademiyasını bitirdiyini deyib.
Məhkəmə cinayət işinin baxışa verilməyi barədə qərar qəbul edib.
Növbəti proses yanvarın 13-ü davam edəcək.
Qeyd edək ki, hadisə 2024-cü ilin avqust ayının 7-də baş verib.
Rəsmi məlumata görə, Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq qəsdən öldürdüyü məlum olub.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib.