SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Tarix: 6-01-2025, 12:16 |
Çap et
“SOCAR Turkiye Enerji” şirkəti 2008-2024-cü illərdə “Petkim” neft-kimya kompleksinin zavodlarına ümumilikdə təxminən 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub.
“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə “SOCAR Turkiye”nin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Kənan Mirzəyev bu gün İstanbulda keçirilən mətbuat konfransında bildirib.
"SOCAR Turkiye Enerji” şirkətinin “Petkim”in zavodlarına sərmayə qoyuluşunun illik həcmi orta hesabla 113 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə, şirkətin 2008-2024-cü illərdə bu məqsədlər üçün kapital qoyuluşu (CAPEX) təxminən 2 milyard ABŞ dolları olub", - K.Mirzəyev qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan kapital qoyuluşlarından əlavə, 2018-ci və 2022-ci illərdə “Petkim”də əsaslı təmir üçün planlaşdırılmış xərclər də həyata keçirilib.
"Bu sərmayələr kompleksin zavodlarının istehsal dayanıqlığının artırılmasında mühüm rol oynayıb", - K.Mirzəyev bildirib.