![“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1739260047_0001.jpg)
Azərbaycandakı “Rus evi”nin fəaliyyətinə ölkə qanunvericiliyini pozduğuna görə xitam verilib. “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olardı.
Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə deyib.
O xatırladıb ki, AZAL-a məxsus təyyarənin vurulmasından sonra bəzi rusiyalı deputatlar da Azərbaycana qarşı çıxışlar etməyə başladılar:
“Bu, Azərbaycanın apardığı siyasətə zidd olduğuna görə, onların ölkəyə gəlişinə qadağa qoyuldu. “Rus evi” ilə əlaqədar məsələyə gəlincə, illər öncə də belə problem yaşanmışdı. Onların Azərbaycana qarşı siyasət yürütdükləri bildirilmişdi. Sonradan hadisələr səngidi".
Deputat qeyd edib ki, hazırda yenidən bu məsələ gündəmə gəlib və Rusiyaya nota göndərilib.
"Hesab edirəm ki, “Rus evi”nin heç bir əhəmiyyəti yoxdur. Qurumun ölkəmizdə fəaliyyəti iki ölkə arasında problemlərə səbəb olursa, onların müqaviləsinin ləğv edilməsinin tərəfdarıyam. Əgər dövlət siyasəti də bunu tam şəkildə üzə çıxarıbsa, onların yaxın günlərdə Azərbaycanı tərk etmələri ilə bağlı məsələ həll edilsə daha yaxşıdır”.
Xatırladaq ki, Azərbaycandakı “Rus evi”nin fəaliyyətinə ölkə qanunvericiliyini pozduğuna görə xitam verilib. “Rus evi”nin ölkədə fəaliyyəti martın sonunda bitir.