SƏFİRİMİZ QOLU KƏSİLƏN HƏMYERLİMİSƏ BAŞ ÇƏKDİ
Tarix: 30-10-2011, 13:51 |
Çap et
FAİQ BAĞIROV TÜRK HƏKİMLƏRƏ TƏŞƏKKÜR EDİB
Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində dağıntılar altından çıxarılan azərbaycanlı Vüsalə Çalışkan hazırda Ankara şəhərində yerləşən “Ankara Nümunə Xəstəxanasında” müalicə olunmaqdadır.
Türkiyə vətəndaşı Murad Çalışkan ilə yeni ailə həyatı qurmuş azərbaycanlı Vüsalə Çalışkanı 29 oktyabr tarixində müalicə olunduğu xəstəxanada Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovla birlikdə səfirlik əməkdaşları ziyarət ediblər. Bu barədə Modern.az-a Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfir Faiq Bağırov V.Çalışkanın səhhəti barədə həkimlərdən və ailə üzvlərindən məlumat alıb, onunla bir qədər söhbət edib və ailəsinin problemləri ilə maraqlanıb. Səfir Vanda baş vermiş təbii fəlakətin çox ağır nəticələrindən bəhs edib, Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizin fəlakətdən dərhal sonra zəlzələ bölgəsinə yardımlar çatdırmasının qardaşlığımızın bir təzahürü olduğundan söz açıb. Səfir Vüsaləyə göstərilən qayğıya görə xəstəxana həkimlərinə və tibb bacılarına dərin minnətdarlığını ifadə edib.
Ziyarət zamanı zəlzələdən zərərçəkmiş Vüsalə Çalışkanın ailəsinə səfirliyin maddi yardımları da təqdim olunub.