İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin işçiləri iş şəraitindən narazıdırlar. İşçilər deyirlər ki, vəzifə öhdəlikləri olmayan işlərdə çalışmağa məcbur edilirlər, iş saatından artıq işlədilirlər.
İşdən çıxarılma təhlükəsi olduğundan adının mətbuatda açıqlanmasını istəməyən işçilərdən biri bildirib ki, qaydalara görə fəhlələr 35 kq-a yaxın yükü 60 metr məsafəyə qədər fasiləli rejimlə daşımalıdırlar. Lakin 200 kiloqramlıq yükü 4 fəhləyə daşıtdırırlar. İş şəraitinə etiraz edənlərə isə işdən çıxmağı məsləhət görürlər.
“Əmək bazarındakı vəziyyət bəllidir, iş tapmaq müşkül məsələdir. Buna görə də hamı susmağa məcburdur. İşçiləri geyimlə vaxtı-vaxtında təmin etmirlər”,-işçi deyib. Bildirib ki, problemlərdən biri də ezamiyyət haqqının ödənilməsilə bağlıdır:
“Həftənin 4 günü üçün 90 manat ödəyirlər. Beşinci gün də ezamiyyət pulu ödənməlidir. Amma işçini 5-ci gün, hətta şənbə gününün yarısınadək işlədirlər, amma cəmi 27 manat yazılır. Qeyri-iş günlərində çalışırıq, ödəniş edilmir”.
Başqa bir işçi də deyib ki, işlər normativə uyğun bölünmür. Bir işçi həm beton vurur, rəngləmə işləri görür və ona tapşırılan digər işləri həyata keçirir. Nəticədə görülən işlər də keyfiyyətsiz olur. Halbuki gün ərzində işçiyə normadan artıq iş yükləmək Əmək Məcəlləsinin tələlərinə ziddir.
“İllik 13-cü əməkhaqları verilməyib. Peşə bayramı münasibətilə müəyyən işçilərə 500 manat mükafat verilib, amma onun da gəlir vergisi tutulur”,-şikayətçilər deyiblər.
Onlar bildiriblər ki, “Azəriqaz” İstehsalat Birliyində kütləvi ixtisarlarla bağlı məlumatlar dolaşır. Buna görə də heç kim normadan artıq yüklənməyə, eləcə də ezamiyyət xərclərinin natamam ödənilməsinə açıq şəkildə qarşı çıxa bilmir.
“Azəriqaz” İstehsalat Birliyindən isə ixtisarlar, eləcə də şikayətlərlə bağlı suallar cavablandırılmayıb.