Hazırda dünyanın bir sıra bölgələrində münaqişələr, müharibələr davam edir. Bu qanlı toqquşmalar dünyamız üçün fəlakətlərə səbəb olur. Bəşəriyyətin gələcəyi naminə qarşıdurmalara son qoymaq və sülhə nail olmaq üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu mənada, Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi COP29 tədbiri yaxşı fürsət ola bilər. Dünyada sülhün zəruriliyini Azərbaycan
çox yaxşı anlayır. Çünki uzun illər ölkəmiz və xalqımız Ermənistanın işğalçı siyasətindən əziyyət çəkib. Müharibənin ən ağır fəsadlarını yaşayan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindən çıxış edir. Ölkəmiz 44 günlük
müharibə başa çatandan sonra işğaldan təmizlənən ərazilərində öz gücünə quruculuq-bərpa işlərinə başladı və məğlub Ermənistana beş bənddən ibarət sülh paketi təqdim etdi. Həmin paket sırf beynəlxalq hüquq normalarına istinad olunmaqla hazırlanıb. Azərbaycan o mövqedən çıxış edir ki, 44 günlük müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində yaranan yeni reallıqlar regionda sülh, sabitlik və etimad quruculuğu üçün geniş imkanlar açıb. Bundan maksimum dərəcədə istifadə olunmalıdır. Sülh gündəliyinə sadiq qalan Azərbaycan tənzimləmə prosesinin irəliləməsi üçün bütün platformalarda konstruktiv yanaşmalar sərgiləyir. Azərbaycan bu gün də sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. İqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək.
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ABŞ-nin “Newsweek” nəşrində dərc olunmuş məqaləsində COP29 öncəsi Azərbaycanın iqlim böhranı ilə yanaşı, regional sülhə nail olmaq istiqamətindəki səyləri və Ermənistanla ikitərəfli razılaşmaların əhəmiyyətinə diqqət çəkib.
Hikmət Hacıyev bu sammitin təkcə iqlim məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda sülh və təhlükəsizlik məsələlərinin də bu toplantıda əhəmiyyətli rol oynadığını vurğulayıb.
O, yazısında Azərbaycanın “COP atəşkəsi” təklifi ilə çıxış etdiyini qeyd edib. Bu təklif, qədim atəşkəs ənənəsinə - Olimpiya atəşkəsinə istinad edərək, iqlim böhranının həlli üçün aparılan danışıqlar zamanı silahlı münaqişələrin dayandırılmasına çağırıb. Hikmət Hacıyev bu ideyanın bəziləri tərəfindən çətin görülə biləcəyini qəbul etsə də, Azərbaycanın BMT çərçivəsində belə bir təşəbbüslə çıxış etməsinin önəmini vurğulayıb.
Məqalədə Azərbaycanın COP29 zamanı təkcə iqlim problemlərinə deyil, eyni zamanda regiondakı sabitliyin təmin olunmasına da diqqət yetirəcəyi nəql edilib.
Hikmət Hacıyev Azərbaycanın bu sammitdə qlobal iqlim razılaşmasının əldə olunmasına töhfə verməkdə qətiyyətli olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu mühüm müzakirələr zamanı həmrəylik göstərməyə çağırıb.
Millət vəkili Elçin Mirzəbəyli isə “Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan qlobal sammitin sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək:
“COP29 tədbiri humanist mahiyyət daşıyır. Azərbaycanın yeritdiyi siyasətin təməlində də humanizm prinsiplərinin təbliği dayanır.
Ölkəmizin bugünə qədər beynəlxalq müstəvidə humanitar mahiyyətli problemləri önə çəkməsi Azərbaycanın irəli sürdüyü təşəbbüsün təməlində dayanan əsas prinsiplər hesab oluna bilər. Hər zaman sülhpərvər və humanist siyasəti ilə diqqət çəkən Azərbaycan dövləti, COP29-u da bütün dünya üçün sülh və xilas vasitəsinə çevirmək niyyətindədir. Bugünə qədər COP29-un timsalında planetimizin ekoloji təhlükəsizliyini təmin etməyə, Yer kürəsini yaşam üçün daha baxımlı hala gətirməyə çalışan Azərbaycan, bu fəaliyyəti həm də dünyadakı müharibələri müvəqqəti də olsa dayandırmaq üçün fürsət halına gətirməkdədir. Bu isə COP29-un sadəcə ekoloji deyil, həm də sülh missiyasına xidmət etdiyini, çoxtəyinatlı məqsəd daşıdığını göstərir.
Bu aspektdən yanaşdıqda “COP29 atəşkəsi” çağırışı tamamilə doğru yanaşmadır. Ölkəmizin yeritdiyi xarici siyasətin təməl xəttinə də uyğun bir mövqedir. Hesab edirəm ki, bu qəbildən olan çağırışlar dünyada insanlıq və bəşəriyyətin qorunması naminə həmrəylik nümayişinin vacib olduğunu özündə ehtiva edir. Zənnimcə, COP29 zamanı dünyadakı müharibələrin dayandırılması təklifi Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi mühüm töhfə, tarixi xidmətdir. Bu təklifin münaqişədə olan dövlətlər tərəfindən necə dəyərləndirilməsindən asılı olmayaraq, ölkəmiz adına bütün dünyaya nümunə sayılacaq bir davranışdır”.
E.Mirzəbəylinin sözlərinə görə, bəşəriyyətə bir neçə günlük də olsa dinclik qazandırmaq, onları sülhün ilıq nəfəsi ilə tanış etmək, dünyadakı silahları müvəqqəti də olsa susdurmaq – bütün bunlar Azərbaycanın COP29 çərçivəsində nail olmağa çalışdığı əsas məqsədlər sırasındadır:
“Müharibələr təkcə insan həyatına deyil, eyni zamanda ətraf mühitə, təbiətə ciddi ziyan vurur. Öz taleyində bunu yaşayan bir toplumun, dövlətin təmsilçiləriyik. Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanılması nəticəsində dəyən ziyan və törətdikləri vandalizm aktlarının mənzərəsi göz qabağındadır. Ötən 4 il ərzində işğaldan azad olunan torpaqlarda aparılan bərpa və quruculuq işlərinə rəğmən biz o torpaqlarda erməni vandalizminin izlərini hələ də görürük. Bu da müharibələri, işğal dəhşətlərini sübuta yetirir”.